Qıcıqlanmış bağırsaq sindromu (QBS)

Qıcıqlanmış bağırsaq sindromu (QBS)

Опубликовано в: | 2018-09-08
Qıcıqlanmış bağırsaq sindromu (QBS)
Müasir insanların tez-tez rastlaşdığı xəstəliklərdən biridir. Bu xəstəliyə həm inkişaf etmiş, həm də inkişaf etməmiş ölkələrdə rast gəlinir. Son illərdə bu sahədə intensiv araşdırmalara baxmayaraq hələ də QBS tam öyrənilməmiş, diaqnostikası və müalicəsi tam təyin edilməmiş xəstəliklərdəndir. Statistikaya görə hal-hazırda dünyada xəstəliyin rast gəlinmə tezliyi orta hesabla 20%-dir. Şəhər əhalisi kənd əhalisindən daha çox xəstələnirlər.
Bağırsaqların işi orqanizmin xüsusiyyətlərindən asılıdır. Adətən bağırsaq pozğunluqlarına emosional, tez-tez stresslərə məruz qalan psixi davamsız şəxslər məruz qalırlar. QBS - belə demək mümkündürsə, insan həyatının adi gündəlik hadisələrinə ağrılı reaksiya verən həddindən artıq həssas olan bağırsaqdır. Bu adı səhər yeməyi, işə hazırlaşma, hər hansı bir görüş, rəisin çağırışı və ya yaxın adamla mübahisə ola bilər. Xəstəliyin əsas simptomları nəcis ifrazı sayının artması, nəcisin formasının dəyişməsi, nəcis ifrazının çətinləşməsi, nəcisin selikli olması, qarında köpmə və qurultudur.

QBS üçün test (nə qədər müsbət cavab olsa xəstəlik ehtimalı daha çoxdur):
1. Yaşınız 20-dən 50-yə kimidir.
2. Özünüzdən və yaxın ətrafınızdan razı deyilsiniz.
3. Gələcəyə bədbin baxırsınız.
4. Tez-tez əhvalınız pozulur.
5. Həyacan və ya qorxu halları keçirərkən tualet axtarırsınız.
6. Tələsik və tez hazırlanan quru yeməklərdən istifadə edirsiniz.
7. Təzə tərəvəz və meyvələrdənsə konservləşdirilmiş qida məhsullarına üstünlük verirsiniz.
8. Qarnınızda qurultu, qaz yığılması və ürəkbulanma hiss edirsiniz.
9. Gecələr, yemək vaxtı və ya ondan sonra nəcis ifraz edirsiniz.
10. Qəbizlik və ya ishaldan şikayət edirsiniz.
11. Defekasiya zamanı və ya ondan sonra xoşagəlməz hissiyyatlarınız olur.
12. Qarnınızda adətən sakit saatlarda baş verən ağrılar olur.
13. Bağırsaqlarınızda ağrılar artıq 3 aydan çoxdur ki sizi narahat edir.
14. Bağırsaqlarınızdakı problemlər sizə nəslinizdən miras qalıb.

Bağırsağın qıcıqlanması sindromunun müalicəsi pəhrizdən, dərman müalicəsindən, sanatoriya-kurort müalicəsindən ibarətdir. Yağlı yeməklər, sitrus meyvələri, soğan, sarımsaq, turp, çuğundur verilməsi məhdudlaşdırılır. Xəstəliyin qəbzliklə müşayiət olunan variantında sıyıqlar, bitki yağları, yerkökü, çuğundur, ət bulyonunda hazırlanmış tərəvəz supları, kefir, qaymaq, turş süd verilir. İshalla müşayiət olunan hallarda isə qaragilə, mərcanı, tünd çay qəbul olunması məsləhət görülür. Ağrı və köplə müşayiət olunan hallarda rasionda paxlalı qidalar, kələm, göbələk, süd, ədviyyat məhdudlaşdırılır. Qarın ağrıları, bağırsağın spastik halı, köplə müşayiət olunan hallarında ağrıkəsici və spazmolitiklərdən istifadə olunur. Eyni zamanda qəbzlik zamanı mədə bağırsaq sisteminin motorikasını artıran, ishal zamanı motorikanı zəiflədən preparatlardan istifadə olunur. Həmçinin sakitləşdiricilər təyin oluna bilər. Xəstələrin reabilitasiyası sanatoriya-kurort müalicəsi vasitəsilə aparılır.

Müəllif: "İnfeksionist-Hepatoloq" Dr. Azər Nağıyev 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan