Prostat vəzi haqda doğru bildiyimiz yanlışlar

Prostat vəzi haqda doğru bildiyimiz yanlışlar

Опубликовано в: | 2019-01-28
Prostat vəzi haqda doğru bildiyimiz yanlışlar
Araşdırmalar belə deməyə əsas verir ki, ölkəmizdə prostat vəzi haqda təsəvvürlər ümumilikdə lazımi səviyyədə deyil. Prostat vəzinin xəstə¬liklərinin geniş yayılması ilə bərabər, bu vəzi ilə bağlı bir çox yanlış təsəvvürlər və zərərli fikirlər də əhali arasında geniş yayılmışdır. Beləliklə, prostat vəzi ilə əlaqəli ən çox yayılmış yanlış fikirlər və təsəvvürlərlə bərabər, qarşılıqlı olaraq doğru olan cavabları da təqdim edirik.

1. Yanlış: Prostat – xəstəlikdir.Prostat – xəstəlik deyil. Prostat - kişi cinsinə aid bir orqandır, vəzidir.
2. Yanlış: Prostat vəzinin xəstəlikləri son illərdə meydana çıxmışdır və bu vəzi bütün kişilərdə olmur.
Prostat vəzi bütün kişilərdə anadangəlmə olan bir orqandır və bəzilərinin düşündüyü kimi təzə kəşf olunmuş bir orqan deyil, min illərdir ki, tibbə və həkimlərə məlumdur. Sadəcə olaraq son 20 ildə daha çox diaqnozlaşdırma imkanı (xüsusən ultrasəs müayinə - USM, prostatın spesifik antigen analizi PSA - və s.) əldə olunduğu üçün belə təsəvvür yaranmışdır.
3. Yanlış: Prostat vəzinin böyüməsinin qarşısını öncədən profilaktik tədbirlərlə almaq mümkündür.
Prostat vəzinin yaşla bağlı böyüməsinin qarşısını öncədən almaq mümkün deyil. Prostat vəzinin xoşxassəli böyüməsi –adenoması yaşla bağlı olan təbii bir prosesdir və 40 - dan yuxarı yaşı artan hər bir kişinin haçansa məruz qalacağı bir durumdur.
4. Yanlış: Ayaqüstə sidik ifrazı Prostat böyüməsini sürətləndirir və ya oturmuş şəkildə sidik ifrazı Prostat vəzi böyüməsini yubadır.
Tədqiqatlarda bunlar öz təsdiqini tapmamışdır. Hətta bəzən bunun əksi təsdiq edilmişdir. 
5. Yanlış: Tez-tez cinsi əlaqəyə girmək Prostat böyüməsinin qarşısını alır. 
Prostat böyüməsininin tez-tez cinsi əlaqəyə girməklə heç bir əlaqəsi yoxdur. Bu da digər yanlış fikirlər kimi qeyri - elmi və qeyri-ciddi söhbətlərdir.
6. Yanlış: At minmək, velosiped sürmək prostat böyüməsinin qarşısını alır və prostat iltihabını (prostatiti) müalicə edir.
Əsassız söhbətdir və hətta bir çox hallarda at minmək, velosiped sürmək prostat üçün zərərlidir!
7. Yanlış: Prostat vəzinin müayinəsi kişilik üçün zərərlidir. 
Prostat vəzinin müayinəsinin müasir metodları (ultrasəs müayinəsi və digərləri) tamamilə zərərsizdir. Lakin bəzən bu sözləri prostatın qeyri – peşəkar rektal müayinəsi (və ya diaqnostik massaj) haqqında demək olmur. 
8. Yanlış. Prostat vəzinin biopsiyası (prostat toxumasının müayinə üçün götürülməsi) prostat xərçənginin yayılmasına səbəb ola bilər. 
Prostat xərçənginin müayinəsi üçün onun biopsiyası tam zərərsizdir və həlledici diaqnostik əhəmiyyətə malikdir.
9. Yanlış: Prostat vəzi üzərində cərrahi əməliyyat kişilərdə cinsi fəaliyyətin sonu deməkdir. 
Prostat vəzi üzərində cərrahi əməliyyatlar müxtəlifdir və bəzən həqiqətən də əməliyyatdan sonra cinsi zəiflik və ya impotensiya baş verə bilər. Lakin əksər hallarda prostat üzərində aparılmış uğurlu cərrahi əmliyyatlar cinsi fəaliyyətə zərər vurmur.
10. Yanlış. PSA testi (prostatın spesifik antigeni) əgər normadan yüksəkdirsə prostat xərçənginin olduğunu göstərir. 
PSA testi Prostat vəzinin adenomasının xoşxassəli olduğunu, yaxud pis xassəli olma ehtimalını erkən aşkar etmək üçündür. Prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa daha dəqiq onkoloji metodlar vardır. Əgər PSA göstəricisi normadan yüksək olmaqda davam edərsə, o zaman prostat vəzinin biopsiyası – yəni, prostat vəzinin toxumasının müayinəsi vacibdir. 
10. Yanlış. Prostat vəzinin xərçəngi aşkar olunubsa, bunun müalicəsi faydasızdır.
Vaxtında Prostat vəzi xərçəngi aşkar olunmuş xəstənin yaşamaq şansı (Life expectency) gec aşkar edilmlş Prostat vəzinin xoş xassəli şişi olan xəstənin şansından az deyildir.
11. Yanlış: Prostat vəzinin iltihabı, yəni prostatitlər prostatın adenomasına çevrilə bilər.
Prostatın adenomasının əmələ gəlməsində prostatitin adenomaya çevrilməsi, cinsiyyət orqanlarının xəstəliklərinin rolu və cinsi fəallığın yüksək-zəif olması, pis vərdişlərin-(siqaret, alkoholun) rolu sübut edilməmişdir. Yalnız irsi – genetik faktorların rolu sübut edilmişdir.
12. Yanlış: Prostat vəzinin əsil müalicəsi yalnız cərrahi yolladır.

Həqiqətən də təxminən 20 il bundan əvvəl prostat vəzinin xoşxassəli böyüməsinin müalicəsindən danışanda o saat fikrə cərrahi müalicə gəlirdi və cərrahi müalicə demək olar ki, alternativsiz sayılırdı. Bu gün isə prostat vəzinin xoşxassəli böyüməsinin müalicəsindən danışanda, ilk olaraq fikrimizə dərmanlarla müalicə gəlir. Tibb yerində saymır - prostat vəzinin xəstəliklərinin istər cərrahi, istərsə də qeyri-cərrahi müalicə üsullarının axtarışı və təkmilləşdirilməsi bütün dünyada davam edir. Son 25 ildə isə prostat vəzinin dərmanlarla müalicəsi ilə bağlı əsil inqilab olmuşdur. Bu gün artıq dünyanın hər yerində apteklərdə nəinki prostat vəzinin böyüməsi ilə bağlı simptomları yaxşılaşdıran dərmanlar, hətta prostat vəzinin xoşxassəli böyüməsini dayandıran preparatlara rast gəlmək mümkündür.
Bütün bunlarla belə, tibb elmi inkişaf etməkdədir. Ən sevindirici hal isə odur ki, cərrahi müalicədən kənar vasitələr – prostat xəstəliklərinin dərmanlarla müalicə imkanları ildən ilə artır.

Müəllif: "Uroloq-androloq" Dr. Anar Məmmədov
 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan