Mərdan Əliyev ilə "Hepatit C" virusu haqqında müsahibə

Mərdan Əliyev ilə "Hepatit C" virusu haqqında müsahibə

Опубликовано в: MÜSAHİBƏ | 2019-07-02
Mərdan Əliyev ilə "Hepatit C" virusu haqqında müsahibə

Hepatit c virus infeksiyasının hansı formaları var?

Hepatit c xəstəliyinin 2 forması var, ilk 6 ay ərzində kəskin hepatit c, 6 aydan çox davam edirsə xroniki hepatit c adlanır. Hepatit c`də daşıyıcılıq forması yoxdur.

 

Hepatit c virus infeksiyasının daşıyıcı forması varmı?

Xeyr, yoxdur.

 

Xroniki hepatit c nədir?

Hepatit c virus infeksiyasının xronik forması ləng və uzunmüddətli gedişə malik və qaraciyəri tədricən zədələyib sonda sirroz və xərçənginə gətirib çıxaran qaraciyərin iltihabi xəstəliyidir. Virusa məruz qalanların təqribən 80 %`ində xroniki infeksiya inkişaf edir. Xronik hepatit c əsasən simptomsuz gedir, yəni gizli şəkildə davam edir və heç bir əlamət vermir. Xəstəlik əlamətlərinin olmamasına baxmayaraq qaraciyərin fibrozlaşmasına, bərkiməsinə səbəb olur.

 

hepatit c virusu ev daxilində ailə üzvləri arasında yoluxa bilərmi?

Bəli, ancaq bu tez tez baş vermir. Əgər bu baş verirsə yoluxmuş qana məruz qalma ilə ola bilər

 

Simptomlar hepatit yoluxduqdan nə qədər sonra başlayır?

Simptomlar 2-26 həftə sonra (orta hesabla 2-12 həftəyə) inkişaf edir. Bu o deməkdir ki, yoluxmuş şəxsin immun sisteminin vəziyyətindən asılı olaraq hepatit c əlamətləri ən tezi 2 həftəyə, ən geci 26 həftəyə özünü göstərəcək. Amma bu simptomlu hallara aiddir, əksər hallarda heç bir əlamət olmur.

 

Yoluxduqdan nə qədər sonra virus qanda təyin oluna bilər?

Antitel testi yoluxmadan 4-10 həftə sonra qanda pozitiv olur. HCV RNA PCR Metodu ilə yoluxmadan 2- 3 həftə sonra virus qanda aşkar olunur.

 

Xronik hepatit c olan xəstədə qaraciyər fermenti ALT normal səviyyədə ola bilərmi?

Bəli, çox xəstələrdə qaraciyər fermentləri dalğaları artma və azalma göstərir və periodik olaraq norma və normaya yaxın səviyyələrdə olabilir. Qaraciyər fermentlərinin səviyyələri xroniki qaraciyər xəstəliyi olmasına baxmayaraq 1 ildən çox normal səviyyələrdə saxlanıla bilər.

 

Xronik hepatit c yalnız qaraciyərə zərər vurur?

Xroniki hepatit c xəstələrinin az qismində hepatit c virusu yalnız qaraciyərlə məhdudlaşmır və digər orqan və sistemlərə də zərər vurur. Bu zaman aşağıdakı simptom və sindromlar inkişaf edir.

  • Yorğunluq
  • Diabetes mellitus – şəkər xəstəliyi
  • Glomerulonefrit – böyrəyin autoimmun xəstəliyi
  • Qarışıq krioqlobulinemiya – qandakı immunoglobulinlərin çökməsi nəticəsində krioglobulinlərin əmələ gəlməsidir. Dəri səpkiləri, oynaq ağrıları və böyrək xəstəlikləri ilə gedir.
  • Porphiria cutanea tarda – günəş şuası dəyən dəridə (əsasən üz və əllərdə) zədələnmələrin əmələ gəlməsidir.
  • Qeyri Hockin limfoma – limfoid toxumanın şiş xəstəliyi

 

Hepatit c virusuna yoluxmuş hamilə doğuş zamanı virusu yenidoğulana yoluxdurma riski nə qədərdir?

Hər hamilə üçün təqribən 4- 7%`dir. Əgər virus yükü çoxdursa bu ehtimal artır. Yoluxma doğuş zamanı baş verir və qarşısını almaq üçün hər hansı ön tədbir yoxdur.

 

Südvermə zamanı virus körpəyə yoluxa bilərmi?

Süd vermə ilə yoluxma sübut olunmamışdır. Buna baxmayaraq əgər anada döş gilələrində yara və ya qanama varsa ya da virus yükü yüksəkdirsə bundan imtina etməsi məsləhət görülür.

 

Hepatit c`nin cinsi əlaqə ilə yoluxma ehtimalı nə qədərdir?

Cinsi əlaqə ilə hepatit C`nin yoluxma ehtimalı var ancaq belə yoluxma riskinin çox aşağı olduğu düşünülür. Hepatit C`nin cinsi yolla yoluxması il ərzində 0.23% olduğu göstərilmişdir. Ancaq cinsi yolla yoluxan hər hansı xəstəliyin, sidik kanalında və vaginada zədələnmələrin olması, cinsi partnyorların sayının çox olması bu riski dəfələrlə artırır.

 

Hepatit c`nin anadan yenidoğulana keçmə riski nə qədərdir?

Bu risk elə də çox deyil. Ancaq bu ananın immun sisteminin gücündən, ananın qanında virus miqdarının dərəcəsindən asılıdır. Ananın qanında HCV RNA 1myln iu/ml`dən çox olarsa bu risk artmaqdadır. Ümumilikdə bu riskin 3-5 % arası olduğu göstərilir. ABŞ`da hər 100 yenidoğulan körpənin 6`sında yoluxma qeydə alınır. Xəstəliyin anadan körpəyə doğuş zamanı doğuş yollarından yoluxması ehtimal olunur. Doğuş müddətinin uzanması yoluxma riskini xeyli dərəcədə artırır.

 

Hepatit c ağcaqanadlar, milçəklər və yaxud digər həşəratlarla keçə bilərmi?

Xeyr, hepatit c`nin hər hansı həşəratla yoluxması faktı bu vaxta qədər qeydə alınmamışdır.

 

Hepatit c qida və su ilə yoluxa bilərmi?

Xeyr, hepatit c qida və su ilə yoluxmur.

 

Hepatit c virusu ətraf mühitdə nə qədər müddət sağ qalır?

Bu viruslar orqanizmdən kənarda otaq temperaturunda 3 həftəyə qədər sağ qala bilir. Buna görə də əgər xəstə şəxsin qanı hər-hansı yerə dağılarsa hətta qurumuş olsa belə əlcək geyinərək, suyla durulaşdıraraq ehtiyyatla təmizləmək lazımdır.

 

Müalicədən sonra HCV RNA neqativ çıxdı, İFA analizində HCV müsbət çıxa bilərmi?

Bəli. İFA testində HCV hepatit viruslarına qarşı orqanizmdə yaranan antitelləri göstərir. Müalicədən sonra PCR analizində HCV RNA mənfi çıxıbsa bu virus replikasiyasının daha olmadığını və xəstənin sağaldığını göstərir. İFA testinin göstərdiyi HCV antitelləri isə tədricən azalıb 5-20 il sonra yox olur. Qeyd edək ki, Anti HCV`nin hepatit c virusuna qarşı qoruyuculuğu yoxdur.

 

Yenidoğulana xəstə anadan virusun yoluxub yoluxmadığını bilmək üçün nə zaman test edilməlidir?

Uşaq 18 aylığına qədər antitel testi ilə yoxlanılmamalıdır, çünki anadan keçən antitellər bu yaşa qədər qanda saxlanılır. Əgər körpəyə 18 aylığına qədər diaqnoz qoymaq tələb olunarsa bu zaman PCR analizi olunmalıdır. PCR testi ilkin PCR testi nəticəsindən asılı olmayaraq növbəti dəfə təkrar yoxlanılmalıdır. Doğuş zamanı yoluxan körpələrdə əksər hallarda hepatit c ilə əlaqəli hər hansı simptom olmur və bu uşaqlar uşaqlıq dövrlərini yaxşı keçirirlər.

 

Hepatit c virusu yoluxmuş qanla bulaşmış iynədən inyeksiya zamanı virusun yoluxma riski nə qədərdir?

HCV pozitiv qanla bulaşmış iynə və ya hər hansı iti alətin batmasından hepatit c virus infeksiyasına yoluxma riski 0,1%`dir (hər 1000 nəfərdən 1`i yoluxur).

 

Viruslu qanın gözlərə sıçraması səhiyyə işçiləri üçün risk yaradırmı?

Qanun gözlərə sıçraması ilə bir neçə yoluxma hadisəsi bildirilmişdir. Lakin bu yolla yoluxma ehtimalının  çox aşağı olduğu düşünülür. Ancaq yenə də belə xəstələrlə işləyərkən, səhiyyə işçilərinə xüsusi qaydalara əməl etmək tövsiyə olunur (maska, eynək və əlcəklərdən istifadə etmək)

 

Hepatit c xəstəsini işdən, dərsdən və digər fəaliyyətlərdən təcrid etməyə ehtiyac varmı?

Mütəxəssislər hepatit c xəstələrinin işdən, məktəbdən, uşaq bağçasından və digər fəaliyyətlərdən təcrid etməyə ehtiyac olmadığını bildirirlər. Hepatit c yoluxmasının qida işləyiciləri, müəllimlər və digər xidmət çalışanları arasında qan-qan kontaktı olmadığı müddətdə baş verdiyi sübut olunmamışdır.

 

Hepatit c`yə qarşı vaksin və ya peyvənd varmı?

Xeyr, təəssüff ki, hazırda peyvənd və vaksin yoxdur.

 

Hepatit c`yə yoluxmuş insanlara qaraciyərin daha çox zədələnməməsi üçün nə tövsiyə edilir?

  • Xəstələr bilməlidirlər ki, yeni antiviral dərmanlar çox təsirlidir və faydalıdır. Buna görə də müayinə və müalicə üçün ən qısa müddətdə həkim mütəxəssisə müraciət olunmalıdır.
  • HCV pozitiv xəstələrə alkaqoldan uzaq durmaq tövsiyə olunur. Çünki alkoqol sirrozu və qaraciyərin xəstəliyinin sonuncu mərhələsini tezləşdirə bilir.
  • Virus hepatitli xəstələr hər hansı dərman, qida əlavəsi qəbul edərkən hepatoloqla məsləhətləşməlidirlər. Dərmanlar, qida əlavələri və təbii olmayan qidalar əksər hallarda qaraciyərə zərər vururlar
  • Klinisistlər HCV pozitiv xəstələrə hepatit a və hepatit b`yə görə hətta qaraciyərdə zədələnmə olmasa belə vaksinasiya olunmağı məsləhət görürlər.

 

Hepatit c xəstələrinin bilməli olduğu məsləhətlər

  • Xəstələr ilk öncə bilməlidirlər ki, yeni virus əleyhinə dərmanlarla (əgər göstəriş varsa) hepatit c artıq tamamilə sağalır
  • Pasientlər bilməlidirlər ki, cinsi partnyorlara bu xəstəliyin yoluxma ehtimalı var (az da olsa)
  • Şəxsi əşyaların paylaşılması zamanı onlara qan dəyə bilər. Belə əşyalar digərlərini yoluxdura bilər (diş fırçası, üzqırxan).
  • Dəridəki kəsik və yaralar infeksiyanın yayılmaması üçün sarınmalıdır.
  • Verilən qan, orqanlar, toxumalar və ya sperma yoluxucudur.
  • Hepatit asqırmaq, öskürmək, qucaqlaşmaq, əl sıxmaq, yemək qablarını və su bardaqlarını paylaşmaqla və ya qida ilə, su ilə yoluxmur.

Əlavə

Hepatit c kürə formasında tək RNA’sı olan Flaviviruslara aiddir. Laner və Walker bildirirlər ki, hepatit c virusu denge və sarı qızdırma virusuna yaxındır.

 hepatit c virusu gün ərzində ən azı 10 trilyon yeni viral partikul buraxır.

Hepatit c virusunun təbii hədəfi hepatositlərdir (qaraciyər hüceyrələri). Həm də mümkün limfositlərdir. Viral klirens sitotoksik B limfositlər və T helper hüceyrələri tərəfindən güclü virus əleyhinə spesifik immun cavabın əmələ gəlməsilə mümkün olur. Xronik hepatit c xəstələrində qaraciyər hüceyrələrinin ən az 50%`i yoluxur.

Müəllif: "İnfeksionist-Hepatoloq" Mərdan Əliyev



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan