Vərəm xəstəliyinin cərrahi müalicəsi

Vərəm xəstəliyinin cərrahi müalicəsi

Опубликовано в: XƏSTƏLİKLƏR | 2019-07-31
Vərəm xəstəliyinin cərrahi müalicəsi

Ağciyər vərəmi xəstələrində cərrahi müdaxilələrin növləri

Ağciyər rezeksiyası

Ağciyər vərəmi olan xəstələrdə cərrahi müdaxilələrin əsas növü ağciyər rezeksiyasıdır. Bu əməliyyat vasitəsi ilə ağciyərin anatomik vahidi sərhədi daxilində yerləşən vərəm ocağının ləğv edilməsi mümkündür. Vərəm mikobakteriyalarının toplandığı əsas hissənin rezeksiyası vərəm əleyhinə olan immunitetin üzərinə düşən yükün azalmasına və beləliklə immun nəzarətin bərpasına yardım göstərir. Əməliyyatdan sonra xəstənin ağciyərlərində Vərəm mikobakteriyalarının sayının azalması orqanizmdə qalan Vərəm mikobakteriyalarına təsir edən dərmanlarla nəzarəti gücləndirməyə imkan verir.

Rezeksiya növünün seçilməsi ağciyər toxumasının zədələnməyə məruz qalmış sahəsinin həcmindən asılıdır. Anatomik quruluşa əsasən seqment(lər)in, payın və ağciyərin rezeksiyası aparıla bilər. Həmçinin keçid əməliyyat növlərindən də istifadə edilir:

  • kombinə edilmiş rezeksiya (ağciyərlərin müxtəlif paylarındakı seqmentlərin rezeksiyası)
  • geniş lobektomiya (bir ağciyər payının tam və digər paylardan müəyyən seqment(lər)in rezeksiyası)
  • bilobektomiya, geniş pnevmonektomiya (bir ağciyərin tam və digərinin isə seqment(lər)inin və ya paylarının rezeksiyası)
  • tamamlanmış lob- və ya pnevmonektomiya (əvvəlki cərrahi müdaxilədən sonra saxlanmış ağciyərin və ya ağciyər payının tam rezeksiyasıdır.)

Çoxsaylı dərmanlara davamlı vərəmi  olan xəstələrin ağciyərlərində cərrahi əməliyyatların 90%- ni pnevmonektomiyalar və lobektomiyalar təşkil edir.

Qeyd etmək lazımdır ki, ağciyərlər üzərində cərrahi əməliyyatlar fəsadlaşmalar ilə müşayiət oluna bilər. Bunlardan ən ağır fəsad bronxoplevral fistullar və plevranın empiemasıdır. Cərrahi müdaxiləyə göstərişlərin, əks-göstərişlərin və əməliyyatın vaxtının düzgün seçilməsi fəsadların rast gəlinmə tezliyini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Həmçinin qeyd edilməlidir ki, pnevmonektomiya və bəzi hallarda lobektomiya zamanı mioplastikadan istifadə fəsadlaşmaların sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Nəzərə alınmalıdır ki, plevral boşluğa köçürülmüş əzələ kütləsi mümkün qədər böyük olmalıdır. 23 Mioplastika məqsədi ilə, adətən, kürəyin enli əzələsindən, bəzi hallarda isə böyük döş əzələsindən istifadə olunur.

Kollaps-cərrahi müdaxilələr

Kollaps-cərrahi müdaxilələr zamanı ağciyərdə vərəmlə zədələnmiş hissələr qalır, lakin kollaps edilir. Bu əməliyyatlar arasında ən geniş yayılmışı torakoplastika əməliyyatıdır 16. Qeyd edilməlidir ki, torakoplastika zamanı da ağciyər kavernalarının həmişə tam kollaps vəziyyətinə gətirilməsi mümkün olmur və bu xronik infeksiya ocağının əmələ gəlməsinə səbəb olur. Ağciyərin digər hissələrinin kəskin kollapsı nəticəsində ağciyərə gələn qan yetərincə oksigenlə zənginləşmədiyindən orqanizmdə xronik hipoksiya və tənəffüs çatışmazlığına səbəb olur. Digər az əhəmiyyətli olmayan məqamlardan biri də geniş torakoplastika əməliyyatından sonra döş qəfəsində əmələ gələn kəskin deformasiyadır. Buna görə də kollapsoplastik müdaxilələr yalnız ağciyərin rezeksiyasına əksgöstəriş olduğu hallarda istifadə olunur. Kollaps-cərrahiyyənin ən çox üstünlük verilən növü ekstraplevral (yaxşı olar ki, ekstraperiostal) plomblaşdırmadır. Bu, kavernanın lokal kollapsını yaratmaq, ağciyərin vərəmə cəlb edilməmiş hissələrinin izafi kollapsını azaltmaq və oksidləşməmiş qanın kəskin şuntlanmasının qarşısını almaq imkanını verir. Qabırğa regeneratlarından yetərincə davamlı kollapslaşdırıcı karkasın formalaşmasından sonra plomblaşdırıcı material kənar edilməlidir. Müasir plomblaşdırıcı maddələrin (məsələn, toxumaların silikon ekspanderləri) istifadəsinin orqanizm tərəfindən qəbul olunmaması reaksiyaların tezliyini azaltmağa imkan verir. Kollapslaşdırıcı cərrahiyyənin müsbət cəhətlərindən biri də ağciyərin rezeksiyası zamanı əmələ gələ biləcək ağır fəsadlaşmaların (bronxo-plevral fistul, empiema və ya plevradaxili qanaxma) əmələ gəlməməsidir. Kollaps-cərrahi müdaxilələrin aparılması hətta xarici tənəffüs funksiyalarının kəskin pozuntuları olan xəstələrdə də mümkündür.

Müəllif: Ağciyər cərrahı Op. Dr. Cəmil Ələkbərov



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan